"ASAN ödəniş" sistemi

Sistem Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanı ilə yaradılmışdır.

İnzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsinin və inzibati cərimələrin, dövlət rüsumlarının, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada ödənilməsinin təmini sistemin əsas funksiyasıdır. Daha geniş məlumat üçün ASAN ödəniş sisteminin Əsasnaməsi ilə tanış ola bilərsiniz.

Sistemə qoşulmaq üçün texniki tələblər və istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 oktyabr tarixli 341 nömrəli qərarı ilə təsdiq edilmişdir.

ASAN ödəniş sistemin nəzərdə tutduğu ödəniş vasitələri dörddür.

ASANPAY.AZ saytı vasitəsi ilə (aktivdir)

Portal vasitəsi ilə Qeydiyyatlı və Qeydiyyatsız ödəniş etmək mümkündür.

Qeydiyyatlı ödənişin üstünlükləri: 1) ödənişlərin hər birinin tarixçəsini istənilən vaxt izləmək mümkündür, 2) mütəmadi ödənişlər zamanı ödəniş məlumatlarının təkrar daxil edilməsi zərurəti ortadan qalxır, 3) inzibati cərimələr və sair ödəniş tələbləri haqda istənilən zaman elektron kabinet vasitəsi ilə məlumat almaq olur, 4) elektron kabinetdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilən cərimə qərarı və ya protokol yoxdursa cərimələrin ödənilməsi tələb edilə bilməz. Qeydiyyatsız ödəniş üçün, Protokol/Qərar seriyasını və nömrəsini və ya SMS vasitəsi ilə göndərilmiş birdəfəlik ödəniş kodunu daxil etmək lazımdır.

ASAN Ödəniş terminalları vasitəsi ilə (aktivdir)

Hazırda quraşdırılmış 160 ədəd terminal var, qısa zaman ərzində quraşdırılmış terminalların sayının 200-dən çox olması planlaşdırılır.

Terminallar aşağıdakı təchizat sisteminə malikdirlər: 1) Əskinaz qəbul edən, 2) qalıq qaytaran, 3) qəpik qəbul edən, 4) qəpik qaytaran, 5) qəbz çap edən, 6) kartla ödəniş qəbul edən, 7) barkod oxuyucu, 8) vəsiqə oxuyucu.

Terminallardan ödənişlər qeydiyyatsız aparılır. Bunun üçün Protokol/Qərar seriyasını və nömrəsini və ya SMS vasitəsi ilə göndərilmiş birdəfəlik ödəniş kodunu daxil etmək lazımdır.

Mobil Applikasiyalar vasitəsi ilə (nəzərdə tutulur)

SMS ödəmə vasitəsi ilə (nəzərdə tutulur)

Nəzərdə tutulan xidmətlər:

Hazırda sistem ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin baxdığı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokollar və qərarlar, habelə onların icra müddətinə nəzarət edilməsi və müddətlərin bitməsi barədə məlumatlandırma, onlardan vəsatət verilməsini və ya şikayət edilməsini təmin etmə, inzibati cərimələri ödəmə və Rüsumların ödənilməsi xidmətləri göstərilir. Yaxın gələcəkdə bütün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarlar, habelə onların icra müddətinə nəzarət edilməsi və müddətlərin bitməsi barədə məlumatlandırma, onlardan şikayət edilməsini təmin etmə, inzibati cərimələri, bütün dövlət rüsumlarını və məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitləri ödəmə xidmətləri göstəriləcəkdir. Əlavə olaraq digər ödəniş xidmətlərinin, o cümlədən kommunal və rabitə ödənişləri üzrə xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Kömək | Xəbərlər | Terminallar | Əlaqə

2016 © ASAN ödəniş sisteminin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.

Son yenilənmə tarixi 14.12.2016